“Bakılı oğlanlar” KVN Beynəlxalq İttifaqının Timiryazev Liqasının festivalında çıxış edib

Azərbaycan.media xəbər verir ki, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun komandası Rusiya Dövlət Aqrar Universiteti (MKTA – K.A.Timiryazev) bazasında keçirilən KVN Beynəlxalq İttifaqının Timiryazev Liqasının festivalında iştirak edib. Tədbirdə Rusiyanın 9 şəhərindən 17 komanda çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, “Bakılı oğlanlar” səhnədə Azərbaycan milli yumorunu və koloriti uğurla təqdim edərək tamaşaçıların rəğbətini qazanıblar. Onların çıxışı Bakı şəhərinə xas olan səmimi, yüngül və qonaqpərvərlik dolu atmosfer yaradıb.

Proqram enerjili musiqi ilə başlayıb, yumoristik miniatürlərlə davam edib və parlaq repriza ilə yekunlaşıb.

Komanda iki il əvvəl I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsi Vüsal Məmmədovun rəhbərliyi altında yaradılıb. Komandanın üzvlərinə Seçenov adına Birinci MDTU-nun, Rusiya Dövlət Sosial Universitetinin və Rusiya Xalqlar Dostluğu Universitetinin tələbə və məzunları daxildir.