Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şükranlıq günü ərəfəsində Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində irəliləyiş əldə edildiyini açıqlayıb.
Tramp bildirib ki, tərəflər sülh razılaşmasına “çox yaxın”dır:
“Bu, asan deyil. Amma düşünürəm ki, biz bunu edə bilərik və razılaşmaya çox yaxınıq. Tezliklə biləcəyik. Mən bunun daha tez baş verəcəyini düşünürdüm”.
Xatırladaq ki, Vaşinqton tərəfindən münaqişənin həlli üçün hazırlanan ilkin sülh planı 28 bənddən ibarət olub. Bu sənədə görə, Ukraynanın Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanıması, NATO-ya üzvlük kursundan geri çəkilməsi təklif edilirdi. Əvəzində Moskva qarşısında sanksiyaların qismən azaldılması və G8 formatına qayıtmaq imkanının yaradılması nəzərdə tutulurdu.
Sonradan Kiyevlə aparılan danışıqlar nəticəsində plan Ukraynanın maraqları nəzərə alınmaqla əhəmiyyətli şəkildə dəyişdirilib və 19 bəndə endirilib.
