Azərbaycan.media xəbər verir ki, Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işini yekunlaşdırıb. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Forumun açılışı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə baş tutub. Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər, həmçinin beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər.
Forum çərçivəsində üç panel sessiya keçirilib.
Birinci paneldə Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə olunub.
İkinci paneldə Türk Dövlətləri Təşkilatında (TDT) inteqrasiyanın gələcək perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması diqqət mərkəzində olub.
Üçüncü paneldə isə nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin iki ölkənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib.
Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri də vurğulanıb. Ekspertlər bildiriblər ki, Azərbaycan və Türkiyənin analitik qurumları eyni regional prioritetlərə malikdir, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyur. Bu əməkdaşlığın regiondakı proseslərin daha dərin təhlilinə imkan yaratdığı qeyd olunub.
Azərbaycan–Türkiyə intellektual əməkdaşlığının regional sabitlik və təhlükəsizlik üçün yeni sinerji yaratdığı, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına təkan verdiyi, həmçinin Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Tədbirin sonunda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və forumların mütəmadi keçirilməsi müzakirə olunub.
