Azərbaycan.media xəbər verir ki, bir il əvvəl — 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə olunub. Fərmanın icrası çərçivəsində Naxçıvanda enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.
Bu müddət ərzində “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub. Eyni zamanda, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində bir neçə mühüm yarımstansiyanın yenidən qurulmasına başlanılıb: 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri beynəlxalq standartlara uyğun aparılır. 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq. 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında isə istismara hazırlıq işləri yekunlaşmaq üzrədir.
Enerji idarəetməsinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. “Naxçıvan Enerji” MMC-nin inzibati binası və Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır.
Ötürücü şəbəkənin modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür. 1950-ci illərdə inşa edilmiş hava elektrik xətləri mərhələli şəkildə yenilənir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətləri yenidən qurulur, köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, hava elektrik verilişi xətləri və izolyasiya-mühafizə sistemləri quraşdırılır.
Tikinti və yenilənmə işləri həm də regionun sosial-iqtisadi inkişafına töhfə verir. Tikinti meydançalarında 200-dən çox yerli sakin işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi və logistika mütəxəssisi layihəyə cəlb edilib.
Gələcək planlar çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisi nəzərdə tutulur ki, bu da Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılmasına və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa bazarlarına birbaşa çıxış imkanlarının formalaşmasına xidmət edəcək. Həmçinin 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 400 kV-luq “Naxçıvan–Türkiyə” xətləri üçün topoqrafik, geodeziya və mühəndis-geoloji işlər aparılıb.
110 kV-luq “Naxçıvan-1”, “Naxçıvan-2”, “Naxçıvan-3” və “Sementzavod-2” hava xətləri şəhər mühitində yeraltı kabel xətləri ilə əvəzlənəcək, bu da təhlükəsizliyi artırmaqla infrastrukturun dayanıqlığını təmin edəcək.
Muxtar respublikada “Yaşıl enerji” zonası elan olunması, bərpa olunan enerji mənbələrindən istifadənin artması və beş su, üç günəş, bir külək və bir hibrid (külək–günəş) elektrik stansiyasının fəaliyyət göstərməsi nəticəsində Naxçıvanda istehsal olunan elektrik enerjisinin təxminən 50%-i “yaşıl enerji”nin payına düşür.
“Azərenerji”nin həyata keçirdiyi layihələr Naxçıvanın enerji təhlükəsizliyini yüksəldir, infrastrukturunu gücləndirir və muxtar respublikanın sosial-iqtisadi inkişafına uzunmüddətli töhfələr verir. Prezident İlham Əliyevin Fərmanının icrası artıq real nəticələrini göstərir və Naxçıvan enerji sektorunda yeni mərhələyə qədəm qoyub.
