İsrail ordusu Qəzzada 7 kilometrlik ən mürəkkəb HƏMAS tunelini aşkarladı

Azərbaycan.media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda radikalların istifadə etdiyi uzunluğu 7 kilometrdən çox olan genişmiqyaslı tunel şəbəkəsi müəyyən edib.

Axar.az-ın məlumatına görə, İsrail ordusunun mətbuat xidməti tunelin Qəzzada indiyədək aşkar edilən ən uzun və ən mürəkkəb infrastrukturlardan biri olduğunu bildirib. Məlumata əsasən, tunel 25 metr dərinlikdə yerləşir və içərisində HƏMAS rəhbərliyi tərəfindən istifadə olunan, silahların saxlanıldığı, uzunmüddətli qalmaq və hücumların planlaşdırılması üçün nəzərdə tutulmuş təxminən 80 bunker mövcuddur.

Ordunun açıqlamasına görə, tuneldən istifadə edən yüksək rütbəli HƏMAS komandirləri arasında Rəfah briqadasının komandiri Məhəmməd Şabaneh də olub.

Həmçinin qeyd edilib ki, tunel Misir sərhədi yaxınlığında, sıx məskunlaşmış ərazinin altında, “Filadelfiya dəhlizi”nin yaxınlığında qazılıb.