Ermənistanın 57 kvadratkilometr ərazini Azərbaycana verəcəyi iddia olunur

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Azərbaycana 57 kvadratkilometr ərazi verməyə hazırlaşdığı iddiası gündəmə gəlib. Bu məlumatı “Hraparak” nəşri yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın ərazisi uzun illər SSRİ dövründə rəsmi şəkildə “29 800 kvadratkilometr” kimi göstərilib. Lakin baş nazir Nikol Paşinyan bir müddət əvvəl ölkənin real ərazisinin 29 743 kvadratkilometr olduğunu açıqlayıb. Bu bəyanatdan sonra rəsmi dövriyyədə də məhz bu rəqəm istifadə olunmağa başlayıb.

Erməni müxalifəti Paşinyanın təqdim etdiyi rəqəmlə razılaşmır və bildirir ki, ölkənin hazırkı ərazi həcmi tarixi proseslərin nəticəsində, xüsusilə XX əsrin əvvəllərində və SSRİ dövründə Azərbaycan torpaqları hesabına genişlənib. Hazırda Paşinyanla onun opponentləri arasında mübahisəyə səbəb olan ərazi də məhz Ermənistan SSR dövrünə aiddir.

“Hraparak” iddia edir ki, rəsmi açıqlamalarda qeyd edilməyən həmin 57 kvadratkilometr ərazi yaxın gələcəkdə Azərbaycana verilməsi üçün nəzərdə tutulur.

Nəşr yazır ki, sözügedən məsələ böyük ehtimalla genişliyi 5 kilometr, uzunluğu isə 42 kilometr olacaq TRİPP layihəsi — Zəngəzur dəhlizi ilə bağlıdır. Bildirilir ki, layihə çərçivəsində dəhlizin ümumi sahəsi 210 kvadratkilometrə qədər genişlənə bilər.