Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi istefaya hazırlaşır

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında vəzifəsini tərk edəcək.

“Röyters” agentliyi dörd mənbəyə istinadən bildirir ki, Kelloq istefa niyyətini artıq həmkarlarına çatdırıb.

Məlumata görə, Kelloqun gedişi Tramp administrasiyasında Ukraynanın maraqlarını müdafiə edən əsas fiqurlardan birinin itirilməsi kimi qiymətləndirilir.

Xatırladılır ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi statusu müvəqqətidir və nəzəri olaraq 360 günlük müddət başa çatdıqdan sonra bu şəxslərin vəzifədə qalması üçün Senat tərəfindən təsdiqlənməsi tələb olunur.

Nəşrdə qeyd olunur ki, Kelloqun istefası Kiyev üçün arzuolunmaz xəbər hesab edilir. Ehtiyatda olan general-leytenant Kelloq, xüsusilə müharibənin səbəbləri ilə bağlı bəzi hallarda Moskvanın mövqeyinə yaxınlaşan administrasiya daxilində, Ukrayna və Avropa tərəfindən “fikirlərə qulaq asan şəxs” kimi dəyərləndirilirdi.

Məlumata görə, o, Ukraynanın mülki infrastrukturlarına qarşı Rusiya hücumlarını Tramp administrasiyasının digər rəsmilərindən daha sərt şəkildə pisləyirdi.