Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun tapşırığına uyğun olaraq bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. Bu çərçivədə Siyəzən rayonunun Orta Həmyə kəndində yeni içməli su layihəsinin açılışı olub.
Tədbirdə Agentlik rəhbərliyi, yerli icra hakimiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib. Çıxışlarda regionlarda dayanıqlı inkişaf və əhalinin keyfiyyətli içməli su ilə təminatı istiqamətində aparılan işlərin əhəmiyyəti vurğulanıb.
Kənddə 3 km-lik yeni su xətti çəkilib, 76 abonent şəbəkəyə qoşulub və sayğaclarla təmin edilib. Hazırda Orta Həmyənin 261 nəfərlik əhalisinin gündəlik 60 m³ su tələbatı tam ödənir.
2025–2026-cı illərdə Siyəzənin Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması nəzərdə tutulur. Kənd sakinləri göstərilən diqqətə görə dövlət rəhbərliyinə təşəkkürlərini bildiriblər.
