“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2025-ci il ilk sayı nəşr olunub

Azərbaycan.media xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri seriyasından çap olunan “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2025-ci il üçün ilk sayı işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyası və Ədəbiyyat İnstitutunun təsisçiliyi ilə dərc olunan jurnalın baş redaktoru Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovadır. Redaksiya heyətinə AMEA-nın həqiqi və müxbir üzvləri, həmçinin tanınmış alimlər – İsa Həbibbəyli, Teymur Kərimli, Nüşabə Araslı, Tehran Mustafayev, Məhərrəm Qasımlı, Asif Rüstəmli və digərləri daxildir.

Jurnalın beynəlxalq redaksiya heyətində Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Rusiya, Hindistan, Polşa və Monqolustandan tanınmış alimlər təmsil olunurlar.

Yeni sayda Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə, ədəbi şəxsiyyətlərə və poetik-nəzəri məsələlərə həsr edilmiş geniş elmi məqalələr yer alıb. Məqalələr sırasında “Azərbaycan ədəbiyyatında ‘Aralıq ədabi nəsil’ və ‘Altımışıncılar’ mərhələsi”, “Fikrət Qocanın poetikası”, “Molla Nəsrəddin jurnalı və Fransa ədəbiyyatı”, “Aşıq Ələsgər yaradıcılığında qadın obrazının yeni aspektdən təsviri”, “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatına elmi-nəzəri baxış” və müasir Azərbaycan nəsri və poeziyasında yeni axtarışlara dair araşdırmalar xüsusilə diqqət çəkir.

 

Azərbaycan.media