Azərbaycan.media xəbər verir ki, Litvanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının səfirliyinə növbəti etiraz notasını təqdim edib. Etiraz 14-17 noyabr tarixlərində Ukrayna ərazisinin atəşə tutulması ilə bağlıdır.
Notada 14 noyabrda baş verən hücum zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi zərər dəyməsi və bu faktın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması xüsusi vurğulanıb. Həmçinin, Kiyev, Xarkov, Odessa, Sumı və digər bölgələrdə şəxsi evlər, çoxmənzilli binalar, xəstəxanalar və digər infrastruktur obyektlərinin zədələnməsi, on nəfərdən çox dinc sakinin həlak olması və onlarla şəxsin yaralanması qeyd edilib.
Etiraz notasında 15 noyabrda yayılan və Rusiya hərbçilərinin Ukraynalı hərbi əsirləri Zaporojye vilayətində güllələdiyini göstərən video da diqqətə çatdırılıb. Litva XİN qeyd edir ki, Rusiya hərbi-siyasi rəhbərliyi bu cinayətlərə qarşı heç bir reaksiya vermir, bu da müharibə cinayətlərinin RF rəhbərliyinin xəbəri və razılığı ilə törədildiyini göstərir.
Notada vurğulanır ki, Rusiya Silahlı Qüvvələrinin bu hərəkətləri tammiqyaslı müharibə cinayətləri hesab edilməlidir. Litva 2022-ci ildən başlayaraq hər böyük hücumdan sonra Rusiyaya müntəzəm etiraz notaları göndərir.
