Ermənistan deputatı: “Ankara ilə münasibətlərin normallaşması tezliklə nəticə verəcək”

 

 

Azərbaycan.media xəbər verir ki, Ermənistan Respublikası Milli Assambleyasının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyasında çıxış edib.

Xandanyan iclasda Türkiyə nümayəndə heyətinə qonaqpərvərlik və sessiyanın təşkilinə görə təşəkkür edib və Ermənistan–Türkiyə münasibətlərinin yaxın müddətdə müsbət nəticə verəcəyinə inandığını bildirib.

Deputat həmçinin Ermənistan və Azərbaycan arasında Vaşinqtonda avqustun 8-də imzalanmış sülh bəyannaməsinin region üçün yeni mərhələ açdığını qeyd edib:

“Bu gün ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu elan etməyin sevincini yaşadım. Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi iki ölkənin münaqişə səhifəsini bağlamaq istiqamətində ciddi öhdəliyidir. Biz ABŞ-ın və prezident Trampın prosesdəki rolunu yüksək qiymətləndiririk”.

Xandanyan deyib ki, sənəd suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipləri əsasında yeni əməkdaşlıq dövrünün əsasını qoyur.

O, həmçinin regional kommunikasiyaların açılması ilə bağlı müzakirələrin Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsü çərçivəsində TRIPP marşrutunun reallaşdırılması istiqamətində praktik xarakter aldığını vurğulayıb. Bu marşrutun Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək qlobal layihəyə çevrilə biləcəyi qeyd olunub.

Deputat əlavə edib ki, Ermənistanda və Azərbaycanda birgə müraciət əsasında ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Sonda Xandanyan Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesindən də danışıb:

“Davam edən konstruktiv dialoq ümid verir ki, yaxın zamanda münasibətlər institutlaşacaq, sərhədlər açılacaq və daha geniş əməkdaşlıq mümkün olacaq”.