Azərbaycan.media xəbər verir ki, insult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət olunub.
Hurriyyet.az-ın məlumatına görə, faktı onun oğlu Abdul Oruc lent.az-a açıqlayıb. Onun sözlərinə görə, hadisə Əhməd Orucun xəstəxanaya yerləşdirildiyi gün baş verib. “Evimiz ‘Şamaxinka’da yerləşir. Biz xəstəxanada olanda pəncərəni sındıraraq içəri daxil olublar. Evdən 6 min manatlıq qızıl da daxil olmaqla ümumilikdə 10 min manat dəyərində oğurluq edilib”, – o bildirib.
Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib: “Xəstəxanadan qayıdanda evin qarət edildiyini gördük və dərhal polisə xəbər verdik. Binəqədi polisindən gəlib əl izləri götürdülər. Bildiyimizə görə, hadisəni törədən şəxsin kimliyi artıq müəyyən olunub və hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürək ağrıları səbəbindən Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edib və orada olarkən insult keçirib. O, hazırda reanimasiya şöbəsində müalicə olunur.
