Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 695 milyon 474.5 min ABŞ dolları dəyərində 660.5 min ton meyvə-tərəvəz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30% və ya 160.5 milyon dollar, həcm baxımından isə 28.1% və ya 144.8 min ton artım deməkdir. 2024-cü ilin ilk 10 ayında ölkə 535 milyon dollar dəyərində 515.7 min ton meyvə-tərəvəz ixrac etmişdi.
Hesabata əsasən, cari dövrdə ən çox ixrac olunan məhsullar sırasında pomidor 159.8 milyon dollar (146.4 min ton) dəyəri ilə ilk yerdə qərarlaşıb. Meşə fındığı 124.5 milyon dollar (15.4 min ton), xurma 66.9 milyon dollar (91.9 min ton), alma 57.4 milyon dollar (81.8 min ton), kartof 28.2 milyon dollar (70.9 min ton) və nar 20.5 milyon dollar (21.4 min ton) ixrac göstəriciləri ilə diqqət çəkib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəz məhsullarının ölkənin ümumi ixracında xüsusi çəkisi 3.21%, qeyri-neft ixracında isə 23.28% təşkil edib.
