Azərbaycan.media xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mülki müdafiə qoşunlarının (MMQ) təşkilatçılığı ilə keçirilən qərargah məşqinin əsas məqsədi irimiqyaslı fövqəladə hadisələr zamanı MMQ-nin tabeliyində olan hərbi hissələrin komandir-rəis heyətinin yaranmış vəziyyəti qiymətləndirməsi, təkliflərin hazırlanması, qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyət üzrə praktiki bacarıqlarının artırılması olub.
Üç mərhələdə keçirilən məşqin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin hazırlıq dərəcəsinə gətirilməsi, komandir-rəis heyətinin fəaliyyəti, şərti fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili və cəmləşmə rayonunda xidmətlərin birgə fəaliyyəti həyata keçirilib.
İkinci mərhələdə “fövqəladə hadisə zonası”nda qəza-xilasetmə işlərinin təşkili, əməliyyat qərargahının idarəetmə sənədlərinin hazırlanması, məlumatların toplanması və təhlili, vəziyyətin qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və müvafiq əmrlərin verilməsi yerinə yetirilib.
Üçüncü mərhələdə isə Nazirliyin regiondakı qüvvə və vasitələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərlə bağlı məruzələri dinlənilib və müzakirə olunub.
Məlumata görə, qərargah məşqi uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə tam nail olunub.
