Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və Azərbaycanın tamhüquqlu üzv olması Özbəkistan mətbuatında geniş işıqlandırılıb.
Publika.az-ın məlumatına görə, Özbəkistan mediası Azərbaycanın Mərkəzi Asiya üçün etibarlı tərəfdaş olduğunu və Avropa ilə əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edir.
“Gazeta.uz” yazır ki, Azərbaycan regionun inkişaf etmiş dövlətlərindən biridir və 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya respublikaları ilə 20 milyard dollarlıq ticarət alyansının formalaşdırılması qərarı təsadüfi deyil. Bu qərar region dövlətlərinin Azərbaycanla ticarət dövriyyəsini artıracaq.
“UPL.uz” qeyd edir ki, görüşdə əsas diqqət iqtisadi və ticarət əlaqələrinin inkişafına yönəldilib. Azərbaycanın tamhüquqlu üzv olması həm bu əlaqələri gücləndirəcək, həm də nəqliyyat və tranzit imkanlarını artıracaq. Bu, Mərkəzi Asiyanın Cənubi Qafqaz regionu ilə iqtisadi inteqrasiyasını təmin edəcək.
“KUN.uz” isə vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaza aid olsa da, Mərkəzi Asiya ilə fəal əməkdaşlığı vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasına səbəb olub.
“Podrobno.uz” yazır ki, Azərbaycanın tamhüquqlu üzv statusu regionun nəqliyyat və tranzit əlaqələrinin genişlənməsinə və iqtisadi inkişafına təkan verəcək, Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiyası daha dolğun təmin olunacaq.
“Uznews.uz” xəbər verir ki, Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv olması mədəni, dini və tarixi köklərə malik olan Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcək.
“Repost.uz” diqqətə çatdırır ki, Azərbaycanın üzvlüyü Mərkəzi Asiya respublikalarının prezidentləri tərəfindən alqışlanıb və Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaşdır.
“Anhor.uz” Prezident İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Əminəm ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarını genişləndirəcək. Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.” “Tramp marşrutunun” fəaliyyəti yalnız Azərbaycan üçün deyil, Mərkəzi Asiya üçün də faydalı olacaq və ticarət əlaqələrini genişləndirəcək.
“Nuz.uz” isə Prezident İlham Əliyevin “Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir” sözlərini manşetə çıxararaq qeyd edir ki, Mərkəzi Asiya və Azərbaycan vahid mədəni, coğrafi və geosiyasi məkan yaradır. Xəbərdə həmçinin vurğulanır ki, Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı ayırmır, əksinə birləşdirir.
Özbəkistanın digər informasiya agentlikləri, qəzetlər, radio və televiziya kanalları Azərbaycanın Özbəkistan və ümumilikdə Mərkəzi Asiya ilə əməkdaşlığını yüksək qiymətləndirirlər.
