2026-cı ildən Azərbaycan Nəşriyyatı dövlət büdcəsindən maliyyələşməyəcək

 

 

Azərbaycan.media xəbər verir ki, 2026-cı ildən etibarən Maliyyə Nazirliyinin siyahısında maliyyələşməyəcək qurumlar arasında “Azərbaycan Nəşriyyatı” MMC-nin də adı yer alıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə müzakirəyə çıxardığı “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Milli Məclisin komitə sədr müavini Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Nəşriyyatının maliyyələşməsi həm dövlət büdcəsi, həm də təqdim etdiyi xidmətlərin hesabına formalaşır. Onun sözlərinə görə, kitab satışları, çap xidmətləri, dövlət sifarişləri, beynəlxalq layihələr və icarə haqları nəşriyyatın gəlirlərinə daxildir. Badamov hesab edir ki, gələcəkdə Azərbaycan Nəşriyyatı tam şəkildə özünümaliyyələşməyə keçəcək.

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Hüseyn İbrahimov isə qeyd edib ki, dövlət maliyyəsinin dayandırılması nəşriyyatın fəaliyyətini dayandırmaq demək deyil. Dövlət qəzetləri maliyyələşməni birbaşa alacaq, nəşriyyat isə tenderlərdə iştirak, müxtəlif layihələrdə yer almaq və özəl sektorla əməkdaşlıq imkanlarına malik olacaq. O, Azərbaycan Nəşriyyatının fəaliyyətini müasir dünyaya uyğun quraraq həm ölkədə, həm də beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirə biləcəyini vurğulayıb.

 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Nəşriyyatının maliyyələşməsinə 2 352 890 manat vəsait icra edilib, 2025-ci ildə isə 2 228 290 manat planlaşdırılır. 2026-cı il üçün bu məqsəd üçün büdcədən vəsait nəzərdə tutulmayıb.