🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu əlaqəsi bərpa edildi – Overçukdan təşəkkür


Azərbaycan.media xəbər verir ki, Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsinin qurulması Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Rusiya mətbuatının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O vurğulayıb ki, yeni marşrut Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında nəqliyyat əlaqələrini gücləndirir və Ermənistan bazarlarını Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin məhsulları üçün daha əlçatan edir.

Overçuk Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən əməkdaşlığa görə Azərbaycan, Gürcüstan və Ermənistan tərəflərinə təşəkkür edib.

“Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası üzrə birgə fəaliyyətə görə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevə, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryana, eləcə də bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştiraka görə Gürcüstana təşəkkürümü bildirirəm”, – deyə Rusiya Baş nazirinin müavini qeyd edib.

Qeyd edək ki, ötən gün Rusiya ərazisindən taxıl daşıyan ilk qatar Azərbaycan və Gürcüstan üzərindən keçərək Ermənistana çatıb.