Azərbaycan.media xəbər verir ki, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda bildirilib:
“Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi kimi qalır.
Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.”
Məktubda həmçinin Zərdari Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzularını çatdırıb.
