🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mütəxəssis: Gecə saat 3-də oyanmaq orqanizmin xəbərdarlığı ola bilər

Azərbaycan.media xəbər verir ki, son zamanlar bir çox insan gecə saat 2-3 radələrində qəfil oyanmaqdan şikayətlənir və bunu adi hal kimi qəbul edir. Lakin sağlamlıq və həyat tərzi üzrə tanınmış ekspert Erik Berqin sözlərinə görə, bu vəziyyət orqanizmin xəbərdarlığı ola bilər və həkim müayinəsi tələb edir.

Mütəxəssis qeyd edib ki, gecə oyanma nadir hallarda baş verirsə, ciddi narahatlıq doğurmur, lakin bu hal mütəmadi təkrarlanarsa, səbəbi araşdırılmalıdır.

Berqin sözlərinə görə, insanlar adətən gecə yarısı oyanmırlar, çünki həmin vaxt beyin dərin yuxu mərhələsində olur və kortizol (stress hormonu) səviyyəsi minimal olur.
“Əgər insan oyanırsa, bu, stress hormonunun hər hansı səbəbdən artdığını göstərir”, – deyə o bildirib.

Ekspertin fikrincə, bu halın əsas səbəbləri arasında xarici stimullar (səs, işıq və s.) və zəif yuxu gigiyenası dayanır.

Yuxunun keyfiyyətini qorumaq üçün Erik Berq aşağıdakı tövsiyələri verir:

  • Gün ərzində aktiv olmaq;

  • Axşam saatlarında stressdən uzaq durmaq;

  • Sosial şəbəkələrdə uzun müddət vaxt keçirməmək;

  • Yatmazdan əvvəl kofe və spirtli içkilərdən çəkinmək;

  • Gündəlik yuxu rejiminə riayət etmək.

Mütəxəssis vurğulayıb ki, bu tədbirlər kömək etməzsə, yuxu problemlərinin tibbi səbəblərini müəyyən etmək üçün mütləq həkimə müraciət edilməlidir.