Azərbaycan.media xəbər verir ki, Serbiyanın “Radniçki 1923” Futbol Klubunun məşqçisi Mladen Jijoviç oyun zamanı vəfat edib.
Xarici KİV-lərin məlumatına görə, hadisə Serbiya çempionatının 14-cü turunda “Mladost”la səfər oyununda baş verib. Matçın birinci hissəsində hesab qonaqların xeyirinə 2:0 olarkən, Jijoviç qəfil huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Oyun məşqçi xəstəxanaya aparıldıqdan sonra təxminən 20 dəqiqə davam etsə də, onun ölüm xəbəri gələndən sonra dayandırılıb. Jijoviçin ölüm səbəbi hələ də dəqiqləşdirilməsə də, ilkin ehtimallara görə o, ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, 44 yaşlı Jijoviç “Radniçki 1923” klubuna oktyabrın 22-də baş məşqçi təyin olunmuşdu. “Mladost”la keçirilən bu görüş onun komanda ilə üçüncü oyunu idi.
Futbolçu kimi o, Serbiya, Albaniya, Bosniya və Herseqovinanın müxtəlif klublarında çıxış edib və Bosniya və Herseqovina milli komandasının heyətində iki oyunda forma geyinmişdi.
