Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avronest Parlament Assambleyasının (PA) Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni imzalayanlar arasında erməni deputatların olmasından təəssüfünü ifadə edib.
APA-nın yerli bürosunun məlumatına görə, Tsilosani Gürcüstan əleyhinə sənədə imza atan erməni deputatları öz baş nazirlərinə etimadsızlıq göstərməkdə ittiham edib. O bildirib ki, qətnaməni imzalayanlar Avropa Parlamentində Gürcüstana qarşı mövqe sərgiləyən deputatlarla eyni mövqedən çıxış ediblər.
“Ermənistan deputatları Gürcüstan hökumətinin qeyri-legitim adlandırıldığı qətnaməni dəstəkləməklə, əslində öz baş nazirlərinə etimadsızlıq nümayiş etdiriblər. Çünki Ermənistanın Baş naziri dəfələrlə Gürcüstana rəsmi səfərlər edib, xalqın seçdiyi hökumət rəsmiləri ilə görüşlər keçirib”, – vitse-spiker vurğulayıb.
O, qəbul edilən qətnaməni mənasız və məzmundan məhrum adlandırıb.
Qeyd edək ki, Avronest PA-nın 28–30 oktyabr tarixlərində İrəvanda keçirilmiş plenar sessiyasında Gürcüstanla bağlı tənqidi məzmunlu qətnamə qəbul olunub. Sənəddə 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkiləri “saxtalaşdırılmış”, hökumət isə “özünü elan etmiş” kimi təqdim edilib. Buna etiraz olaraq Gürcüstan nümayəndə heyəti PA-nın gələcək sessiyalarında iştirakdan imtina edib.
