Azərbaycan.media xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili gətirilib.
Bu avtomobillərin strukturu belədir:
-
56,7% (69 500 ədəd) — hibrid,
-
36,4% (44 578 ədəd) — “plug-in” hibrid,
-
6,9% (8 501 ədəd) — tam elektrik mühərrikli avtomobillər.
MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən ölkədə “plug-in” hibrid avtomobillərin idxalı klassik hibridləri qabaqlayıb. Məsələn, 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid və 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə bu göstəricilər dəyişib: 5 384 “plug-in” hibrid və 5 103 hibrid idxal olunub.
2025-ci ilin 3-cü rübündə isə “plug-in” hibridlərin idxalı 17 909 ədədə çataraq rekord həddə yüksəlib. Eyni dövrdə 3 518 hibrid və 630 tam elektrik mühərrikli avtomobil ölkəyə gətirilib.
MTM vurğulayır ki, “plug-in” hibridlər artıq Azərbaycanın ekoloji təmiz nəqliyyat bazarında aparıcı yerə çıxıb. Tam elektrik mühərrikli avtomobillərin idxalı isə hələlik məhdud templə artır; ən yüksək rüblük göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub.
