🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Velosiped İdmanı Federasiyasında yeni idman direktoru təyin olunub

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyinat alıb. Bu barədə qurumun rəsmi məlumatında bildirilib.

Federasiya prezidentinin, Zaur Axundovun giriş sözü ilə açdığı İcraiyyə Komitəsinin iclasında iştirakçılar toplantının gündəliyi ilə tanış edilib. Daha sonra federasiyanın yeni idman direktoru Vladimir Buşanski İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub. Prezident Zaur Axundov mütəxəssisə ölkədə uğurlu fəaliyyət göstərməsi üçün lazımi dəstəyin veriləcəyini qeyd edib.

Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov isə iclasda ötən dövrdə görülmüş işlər və təşkil edilmiş tədbirlər barədə məlumat verib. O, Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyi əməkdaşlığında ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini vurğulayıb.

Əlavə olaraq, “Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il təqvim planına daxil edildiyi bildirilib. 2.1 kateqoriyalı yarış 10-14 may tarixlərində 5 mərhələdən ibarət keçiriləcək. İcraiyyə Komitəsinin üzvləri yarışın marşrutları və görüləcək işlərlə tanış edilib. Federasiya prezidenti Zaur Axundov Sahib Ələkbərovun Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb və təklif yekdilliklə qəbul edilib.

Həmçinin, iclasda AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumat verib. Federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, dizaynı, funksionallığı və strukturu barədə iştirakçılara məlumat verilib.