🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pokrovsk uğrunda döyüşlər şiddətlənir: Ukrayna “Qara Şahin” əməliyyatına start verib

Azərbaycan.media xəbər verir ki, Ukraynada strateji əhəmiyyətə malik Pokrovsk şəhərinə nəzarət uğrunda döyüşlər getdikcə daha da gərginləşir. CNN-in məlumatına görə, son həftələrdə Rusiya bölmələri şəhərin bir hissəsinə daxil olub və Ukrayna qüvvələrinin təminat yollarını kəsməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna xüsusi təyinatlıları helikopterlə Pokrovskın şimal-qərb hissəsinə eniş edib, nəticədə 11 Rusiya hərbçisi həlak olub. Lakin Ukrayna kəşfiyyat mənbələri bu məlumatı təkzib edərək, vəziyyətin sabitləşdirilməsi işlərinin Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanovun nəzarəti altında davam etdiyini bildiriblər.

Pokrovskda döyüşən Ukrayna hərbçisi “The Telegraph” nəşrinə açıqlamasında “Qara Şahin” adlı xüsusi əməliyyatın başladığını təsdiqləyib. Onun sözlərinə görə, əməliyyat lazımi resurslar toplandıqdan sonra həyata keçirilib və yaxın vaxtlarda nəticə əldə ediləcəyi gözlənilir.

Hərbçi həmçinin Rusiyanın Ukrayna qüvvələrini tam mühasirəyə ala bilmədiyini vurğulayıb və belə bir əməliyyat üçün yalnız pilotsuz uçuş aparatları ilə nəzarətin kifayət etmədiyini, genişmiqyaslı qoşun köçürülməsinin lazım olduğunu qeyd edib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 7-ci hava-desant korpusu Pokrovsk istiqamətində uğurlu eniş əməliyyatı barədə məlumat yayıb. Açıqlamada bildirilib ki, bu, müxtəlif bölmələrin sinxron fəaliyyətini tələb edən çətin əməliyyat olub.