🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şahmar Məmmədov Küveytdə beynəlxalq hüquq konfransında iştirak edib

Azərbaycan.media xəbər verir ki, Əl-Küveyt şəhərində Küveyt Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Gələcəyə istiqamət verən baxış” adlı beynəlxalq konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən Vəkillər kollegiyalarının rəhbərləri, vəkillər və hüquqşünasların qatıldığı tədbirdə Azərbaycanı Vəkillər Kollegiyasının (VK) sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov təmsil edib.

AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, konfransda Şahmar Məmmədov “Hüquq peşəsinin inkişafı; Yerli və qlobal miqyasda” adlı paneldə çıxış edərək iştirakçıları salamlayıb, VK-nın tarixi, son illər hüquq islahatları çərçivəsində görülən işlər, vəkillərin sayı, vəkillik institutunun gücləndirilməsi, fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və müasir idarəçilik prinsiplərinə əsasən modernləşdirilməsi barədə məlumat verib.

Sədr müavini bildirib ki, Kollegiya beynəlxalq əlaqələrin genişləndirilməsinə və hüquq təşkilatları ilə səmərəli əməkdaşlığın inkişafına xüsusi önəm verir. O, həmçinin vəkilliyə qəbul qaydaları, elektron xidmətlər, VK-nın maliyyə müstəqilliyi, gənc hüquqşünaslara göstərilən dəstək, vəkillərin tədrisi, pulsuz və dövlət hesabına hüquqi yardım, sosial aksiyalar, ictimai fəaliyyət, idman sahəsində uğurlar, maddi-texniki baza, eləcə də Hüquqi Yardım Mərkəzi, Tədris Mərkəzi, komitələr və Qadın Vəkillər Alyansının fəaliyyəti barədə ətraflı məlumat verib.

Şahmar Məmmədov çıxışında vurğulayıb ki, son illərdə aparılan məqsədyönlü islahatlar nəticəsində vəkillik institutunun nüfuzu artıb, cəmiyyətdə vəkillərə etimad yüksəlib və göstərilən hüquqi yardımın keyfiyyətində müsbət nəticələr əldə olunub.

Səfər çərçivəsində sədr müavini müxtəlif ölkələrdən olan Vəkillər kollegiyalarının rəhbərləri və vəkillərlə görüşlər keçirib, hüquq sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr barədə müzakirələr aparıb. Həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, davamlı hüquq islahatları və vəkillərin peşəkar hazırlığının artırılması ilə bağlı təcrübə mübadiləsində iştirak edib.