Azərbaycan.media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin xüsusi əməliyyatı nəticəsində Rusiyanın mühüm strateji obyektlərindən biri — “Koltsevaya” neft kəməri sıradan çıxarılıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, rus ordusunun benzin, dizel və aviasiya yanacağının daşınması üçün istifadə etdiyi üç boru kəməri eyni vaxtda partladılıb. Hadisə anına aid videogörüntülər də yayımlanıb.
Məlumata əsasən, “Koltsevaya” neft kəməri 400 kilometr uzunluğa malik olub və Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından yanacaq nəql etmək üçün istifadə edilirdi. Bu kəmərlə ildə 3 milyon tona qədər aviasiya yanacağı, 2,8 milyon tona qədər dizel yanacağı və 1,6 milyon tona qədər benzin daşınırdı.
Hadisə nəticəsində Rusiyanın hərbi-logistika təminatına ciddi zərbə vurulduğu bildirilir.
