Azərbaycan.media xəbər verir ki, Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Məhkəmənin hökmünə əsasən, Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Massiv 1” adlanan ərazidə baş verib. İstintaq materiallarına görə, Rəşad Tofiq oğlu Tağıyev aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 36 yaşlı Hüseynova Sevinc İnşallah qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və Rəşad Tağıyevə qarşı yekun ittiham elan olunub.
