Bakıda 81 və 160 nömrəli marşrut xətləri üzrə avtobuslar yenilənir.
Azərbaycan.media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, noyabrın 1-dən etibarən hər iki marşrutda istismar olunan avtobuslar dəyişdiriləcək.
Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini birləşdirən 81 nömrəli marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək 20 ədəd “Yutong” markalı avtobus ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Gedişhaqqı 0,60 manat müəyyənləşdirilib.
Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160 nömrəli marşrutda isə 18 ədəd CNG texnologiyalı müasir avtobus fəaliyyət göstərəcək. Bu xətt üzrə hərəkət intervalı 6-7 dəqiqə olacaq, gedişhaqqı isə 0,70 manatdır.
Qeyd edilib ki, hər iki marşrutda ödənişlər yalnız nağdsız qaydada aparılacaq.
