🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranın keçmiş prezidenti: “Türkiyə neftsiz bizdən irəlidədir”

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Türkiyənin neft ehtiyatı olmamasına baxmayaraq, turizm və sənaye sahəsində İranı geridə qoyduğunu bildirib.

Azərbaycan.media “Khatami Media” saytına istinadən xəbər verir ki,  Xatəmi bu açıqlamaları İranın Yəzd şəhərinə səfəri zamanı verib.

O deyib: “Türkiyənin bizim üçün model olduğunu demirəm, amma onların bir damla nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənayedə bizdən çox irəlidədirlər. Bizim neftimiz vardı, onlar isə yox idi, amma onların turizm gəlirləri ümumi neft gəlirlərimizi üstələyir”.

Xatəmi İranın iqtisadiyyatının neftdən asılı olduğunu vurğulayaraq əlavə edib: “Körfəz ölkələrinin elm və texnologiyaya yatırdığı investisiyaları bir kənara qoyun; sadəcə turizm gəlirlərimizi onlarla müqayisə edin. Biz başqa xəyalların arxasınca getdik və regiondakı digər ölkələrdən geri qaldıq. Raket proqramımız sayəsində inkişaf yalnız hərbi sahədə olub. Buna görə də regionda hərbi göstəricilər üzrə üçüncü yerdəyik, amma digər sahələrdə ciddi geri qalırıq”.

Xatəminin sözləri İranın hazırkı iqtisadi durumuna dair narahatlığı əks etdirir. Ötən həftə İran prezidenti Məsud Pezeşkian da Urmiyada etdiyi çıxışda ölkənin iqtisadi sistemini tənqid edərək, “Türkiyə, Yaponiya və Koreyanın nefti və ya qazı yoxdur, amma onlar bizdən daha yaxşıdır” ifadəsini işlətmişdi.