Azərbaycan.media xəbər verir ki, İqor Tudorun istefasından sonra “Yuventus”un baş məşqçi postuna əsas namizədlər artıq müəyyənləşib.
Turin klubuna İtaliya millisinin sabiq baş məşqçiləri – Luçano Spalletti və Roberto Mançini rəhbərlik edə bilər. Hər iki mütəxəssis heyətin gücləndirilməsinə zəmanət və ən azı 2027-ci ilə qədər müqavilə tələb edir.
Namizədlər arasında həmçinin bu yaxınlara qədər “Fiorentina”nı çalışdıran Raffaele Palladino və bu ilin martında vəzifəsindən azad edilən Tiaqo Motta da yer alır.
Maraqlıdır ki, həm Motta, həm də Tudor artıq klubda işləməsələr də, onların “Yuventus”la qüvvədə olan müqavilələri hələ də aktivdir və ümumi dəyəri 25 milyon avrodur. Bu, yeni baş məşqçinin təyinatında əsas maliyyə problemidir.
Qeyd edək ki, Tudor “Yuventus”u 2025-ci ilin martında çalışdırmağa başlamışdı. Onun istefasına səbəb komandanın 8 oyundur qələbə qazana bilməməsi və son 4 qarşılaşmada qol vuramaması olub.
