Zemfira Məhərrəmli
yazıçı-publisist
Kiçik nəvəm Fərid anası ilə bir şərt kəsmiş, yay günlərində bağda kirpi saxlamağa
razılıq almışdı. Ata-anası bu istəyi yerinə yetirib zoomağazadan qəfəsdə bir kirpi alıb
gətirmişdilər. Bu dişi kirpinin nə ilə qidalanacağını da öyrənmişdilər.
Fərid heyfsilənirdi ki, kaş bir yox, iki kirpi alınaydı. Tez-tez anasına “yazıq kirpi
qəfəsdə tək qalıb”, ‒ deyirdi. Kirpini yemləyəndə, qəfəsini təmizləyəndə anasına kömək
edirdi. Kirpiylə dostluğu nəvəmin başını yamanca qatmışdı. Qonşu bağın uşaqlarına da
həvəslə öz kirpisini göstərirdi.
Aradan təxminən 2-3 ay ötmüş, kirpimiz xeyli böyümüşdü. Bu tikanlı varlığın
bəzən qəribə davranışı hamımızı narahat edirdi. Balaca ayaqları, əlləri ilə qəfəsin eninə-
uzununa dırmaşır, tor örtüyünü didib çıxmağa çalışırdı. Yaşadığı məkanı tərk etmək
istəyirdi. Biz isə kirpinin itəcəyindən ehtiyatlanır, onu buraxmağa tərəddüd edirdik.
Nəhayət, bir neçə gün sonra qəfəsi açıb kirpini bağa buraxdıq. Kəhrəba qumların
üstündə kiçik ayaqları ilə həvəslə, həm də iti sürətlə yeriyən kirpinin hərəkətlərini bir
görsəydiniz. Elə bil bu balaca heyvancığaza dünyanı vermişdilər. Fərid onu bir xeyli
izlədi. Kirpi tənəklərin kölgəsində daldalanır, sivri burnuyla torpağı qazıb, nəmişlikdən
soxulcan tapıb yeyirdi.
Ertəsi gün bağın hər künc-bucağını axtarsaq da, kirpimizi tapa bilmədik. Elə bil
yağlı əppək olun göyə çıxmışdı. Fəridin əhvalı pozulmuşdu. “Bu kirpi hara getdi axı,” −
deyə tez-tez soruşur, bütün günü bağı dolaşırdı…
Hərə bir söz söyləyirdi. Kimsə dedi ki, yəqin torpağı qazıb, hasarın altından qonşu
bağa keçib. Fəridin dostları isə ona təsəlli verib, “kirpini biz də axtarırıq” demişdilər.
Bağımızda əlavə bir tikili var. Fərid öz velosipedini bağ avadanlığını, alətləri
yığdığımız bu kiçik tikilidə saxlayır. Adətən səhər yeməyindən sonra oğlancığaz
velosipedlə bağdakı dəyirmi səkiləri dövrə vurur, sonra hovuzda üzür.
Velosipedini səkiyə çıxaran Fərid həyəcan içində anasına yaxınlaşıb:
− Ana, içəridə nəsə xışıltı var. Əyilib rəflərin altına da baxdım, heç nə görə
bilmədim. Bəlkə ora ilan sürünüb keçib?!
− Bağımızda ilan yoxdur, ay oğul. Gəl, birlikdə baxaq.
Əl fənərini yandırıb altdakı rəflərə baxanda gözlərinə inanmadılar. İki gün əvvəl
yoxa çıxmış kirpi üç balaca yavrusuyla ən küncdəki taxta rəfə sığınmışdı. Fərid təəccüb
və sevinc içində qışqırıb:
− Ana, bax, nə gözəl balaları var!
2
− Oğlum, kimsə dəyib-dolaşmasın deyə, biz bu kiçik yavruları öz qəfəslərində
saxlamalıyıq. İlk vaxtlar ana kirpi onları əmizdirəcək. Bu kirpi ailəsini qorumalıyıq.
Fərid ətcəbalalara diqqətlə baxır, heyrətini gizlədə bilmirdi. Bədəni bir qədər cod,
amma nizamla düzülmüş ağappaq tüklərlə örtülən, bəlkə elə bu üzdən şəkərburaya
oxşayan bala kirpilər çox hərəkətli, çevik idi. Ana kirpi bir təhlükə duyubmuş kimi, onları
hər vəchlə gizlətməyə çalışır, pişiklərtək gah bu, gah o biri balasını ağzına alıb qəfəsin
küncünə daşıyırdı. Gözdən-nəzərdən uzaq olsunlar deyə tünd rəngli parça örtüyü qəfəsin
üzərinə çəkdikdən. Bundan sonra ana kirpi sakitləşib balalarını çevrəsinə yığdı.
Kirpinin ətcəbalaları gündən-günə böyüyür, tikanları uzanır, rəngləri tündləşirdi.
Getdikcə analarından çox az fərqlənirdilər. Artıq qəfəs onlara dar gəlirdi. Yavrulardan
birinin sinəsi və qulaqlarının ətrafı ağappaq idi və bu rəng müxtəlifliyi onu digər
kirpilərdən fərqləndirir, daha yaraşıqlı görünürdü.
Vaxt-vədə yetişmişdi, artıq kirpiləri bağa buraxmışdıq. Sərbəst yaşayır,
qidalanırdılar. Gündüz saatlarında daha çox tənəklərin dibində yuxulayır, gecələr isə ova
çıxırdılar. Fərid bəzən əllərinə əlcək geyib, kirpiləri tutur, eyvana gətirib, bir az əylənir,
sonra yenidən bağa ötürürdü. İndi onun bir yox, dörd kirpisi vardı.
Mənbə: Azərbaycan.media
