🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Od-alovlu “Xalq şairi”…- Fuad Biləsuvarlı yazır

Azərbaycan ədəbiyyatının sönməz ulduzlarından biri, poeziyamızın od-alovu, azadlıq carçısı Xəlil Rza Ulutürk haqqında yazmaq elə də asan deyil. Onun barəsində hər cümlə bir yanğı, hər kəlmə bir məsuliyyət tələb edir. Çünki Xəlil Rza yalnız bir şair deyildi – o, bütöv bir xalqın milli ruhunun, istiqlal təfəkkürünün bədii ifadəsi idi. “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” deyən Xəlil Rza Ulutürk, azadlıq ideyasını poeziyamızın damarına yeridən, millətin azad düşüncəsini oyadan söz qəhrəmanı idi.

O, Azərbaycan vətənpərvər şairləri içərisində milli poeziyamızın pasportu, azadlıq ruhunun poeziyada manifesti idi. Bu gün milli ruhlu şairlərdən danışanda Xəlil Rzanın adını çəkmədən keçmək mümkün deyil. Çünki o, sözün əsl mənasında xalqın səsini, millətin fəryadını, vətənin ağrısını qələmə gətirən idi.

Bir ömür poeziyaya həsr olunmuş tale

Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürk 1932-ci il, 21 oktyabrda Salyanın Pirəbbə kəndində dünyaya göz açmışdı. Uşaqlıq illərindən sözə, şeirə, ədəbiyyata dərin maraq göstərmiş, ilk şeirini hələ məktəbli ikən yazmışdı. 1954-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən gənc Xəlil Rza elə həmin ildən etibarən ədəbi mühitə daxil olur, tənqidi düşüncəli şeirləri, kəskin yazıları ilə diqqət çəkir. O, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən ədəbi dərgilərdə çıxış edir, poeziyanı təkcə sənət yox, həm də vətəndaşlıq tribunası sayırdı.

1957-ci ildə onun ilk şeir kitabı — “Bahar” çap olundu. Bu kitabdan etibarən o, artıq xalqın şairi idi. Onun şeirləri millətin ağrısını, xalqın taleyini, azadlıq arzusunu ifadə edirdi. Xəlil Rza qələmini səngər bilirdi. Əsgər silahla döyüşürdüsə, Xəlil sözlə vuruşurdu — azadlıq uğrunda, milli kimlik uğrunda, vətənin bütövlüyü uğrunda.

Sözlə mübarizənin ön cəbhəsində

Xəlil Rza Ulutürk 1980-ci illərin sonlarında Azərbaycanın Milli Azadlıq Hərəkatının öncüllərindən biri idi. O, mitinqlərdə, tribunlarda, xalqın içində idi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra şairin mübariz ruhu hakimiyyətin hədəfinə çevrildi. Xəlil bəy azadlıq uğrunda mübarizəsinə görə həbs edildi və Moskvanın məşhur Lefortovo həbsxanasında dustaq həyatı yaşadı.

Ancaq onun azadlıq sevgisini zəncirlər belə sarsıda bilmədi. 1991-ci ildə azadlığa buraxıldıqdan sonra o, yenidən qələmini silah kimi qaldırdı, xalqın ruhunu dirçəltməyə davam etdi. Onun poeziyası yenə də yanırdı, içindəki od-alov sönmürdü.

Tərcüməçi, alim, mübariz, ata

Xəlil Rza Ulutürk yalnız şair deyildi, həm də dərin ədəbiyyat bilicisi, gözəl tərcüməçi idi. O, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi möhtəşəm əsərlərini və dünya poeziyasının bir çox incilərini doğma ana dilimizə sevə-sevə çevirmişdi.

Onun 1950–60-cı illərdə qələmə aldığı “Qatar gedər”, “Müqəddəs yol”, “Ata işdən gələndə”, “Zəfər çələngi”, “Ata əlləri”, “Sırıqlı”, “Mən dava görməmişəm”, “Ən qiymətli əklil” kimi şeirləri poeziyamızda xalqın duyğularını, əsgərin səssiz fəryadını, atanın, ananın ürək ağrısını əks etdirirdi.

Xəlil Rza Ulutürkə “Azərbaycanın Xalq şairi” fəxri adını 1992-ci ildə məhz Ulu Öndər Heydər Əliyev vermişdi. Heydər Əliyev onun şəxsiyyətinə, milli əqidəsinə, vətənpərvər yaradıcılığına xüsusi rəğbət bəsləyirdi.

Dost xatirəsində Xəlil Rza

Xalq şairi Nəriman Həsənzadə dostu Xəlil Rzanı belə xatırlayır:
“Xəlil Rza ilə birgə Maksim Qorki adına İnstitutda oxuyurduq. O, gəncliyin coşqusu içində, od-alov kimi bir insan idi. Həyat yoldaşlarımız Sara və Firəngiz xanımlarla da o illərdə tanış olmuşduq. Xəlil enerjili, cəsarətli, saf ürəkli idi. Bir dəfə Siyasi İqtisad dərsində müəllim ona ‘dörd’ vermişdi, mən dedim, ‘beş olmalıdır!’ – belə mehriban zarafatlarla dolu illərimiz olub.

Bir dəfə Qorki İnstitutuna Şoloxov gəlmişdi. Mən tərəddüd etdim, amma Xəlil tərəddüd etmədən gedib onunla şəkil çəkdirdi. O, hər addımında cəsarətli idi. Xəlil həm də ailəsinə bağlı, sadiq insan idi. Həyat yoldaşı Firəngiz xanıma və uşaqlarına münasibəti nümunə idi. Oğlu Təbriz isə cəbhədə qəhrəman kimi vuruşdu, şəhid oldu. Onun itkisi Xəlili sarsıtdı, amma sındıra bilmədi. Xəlil düzün, haqqın adamı idi.”

Əbədi iz qoyan həyat

22 iyun 1994-cü ildə böyük şair Xəlil Rza Ulutürk dünyasını dəyişdi. Onun məzarı Birinci Fəxri Xiyabandadır. Amma ruhu, sözü, şeirləri, azadlıq ideyası xalqın yaddaşında əbədi yaşayır.

Xəlil Rza Ulutürk bu millətin söz mübarizidir. Onun poeziyası azadlıq ideyasının, milli kimliyin, vətən sevgisinin oda dönmüş şəklidir. O, təkcə öz dövrünün yox, gələcək nəsillərin də vicdan səsidir.

Bu gün azad nəfəs alırıqsa, bu azadlığın bir parçası Xəlil Rzanın poeziyasında alışan odun işığıdır.

Müəllif: Fuad Biləsuvarlı,
AYB və AJB üzvü,
Prezident mükafatçısı
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media