Son vaxtlar ölkə yollarında mühərrik qazlarının tərkibində normadan artıq zərərli maddə olan avtomobillərin sayı artıb. Hesablamalara əsasən, Azərbaycanda atmosferi çirkləndirən maddələrin təxminən 88 faizi məhz nəqliyyat vasitələrinin tullantılarının payına düşür. Belə nasaz avtomobillər yalnız havanın çirklənməsinə deyil, həm də tıxacların yaranmasına və yol qəzalarının artmasına səbəb olur.
Azərbaycan.media xəbər verir ki, bu problemin qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2025-ci il oktyabrın 20-dən noyabrın 20-dək respublika üzrə “Təmiz hava” adlı aylıq keçirəcək.
Aksiya çərçivəsində avtomobillərin texniki vəziyyətinə ciddi nəzarət ediləcək, mühərrik qazlarında normadan artıq çirkləndirici maddə aşkar edilən nəqliyyat vasitələrinin istismarına məhdudiyyətlər qoyulacaq.
Yol Polisi sürücülərə və sərnişin, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə avtomobillərinin yanacaq sistemini daim saz vəziyyətdə saxlamağı tövsiyə edir. Qanunvericiliyə əsasən, ətraf mühitə normadan artıq tullantı atan nəqliyyat vasitələrinin idarə edilməsinə və istismarına yol verən fiziki və hüquqi şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
