Son günlər sosial şəbəkələrdə və bəzi mediada Azərbaycanda pensiya yaşının artırılacağı ilə bağlı yayılan məlumatlara Maliyyə Nazirliyi aydınlıq gətirib.
Nazirlikdən Azərbaycan.media-ya verilən məlumata görə, ölkənin pensiya sisteminin maliyyə dayanıqlılığı tam təmin olunub və bu istiqamətdə hər hansı risk müşahidə edilmir.
“Ənənəvi olaraq hər il olduğu kimi, bu il də Maliyyə Nazirliyi fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə üzləşə biləcəyi sosial-iqtisadi, humanitar və fiskal riskləri təhlil edib. Həmin risklərin aradan qaldırılması və dayanıqlı inkişafın təmin olunması istiqamətində baxışlarını təqdim edib”, – qurumdan bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, dərc olunmuş ‘Ortamüddətli Xərclər Çərçivəsi’ sənədinin “Risklərin qiymətləndirilməsi” bölməsinə əsasən, hazırda ölkədə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə sabitliyi qənaətbəxş səviyyədədir və hər hansı risk əlaməti mövcud deyil.
Məlumata görə, 2026–2029-cu illəri əhatə edən dövrdə hökumətin əsas prioritetlərindən biri əhalinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq.
“Maliyyə Nazirliyi bu istiqamətdə siyasətin icrasını daim diqqət mərkəzində saxlayacaq”, – açıqlamada vurğulanıb.
