🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qarabağda dirçəliş: 22 min sakin, 65 milyon investisiya

Azərbaycan.media xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir. Yeni yollar, hava limanları, enerji və su təchizatı sistemləri qurulur, təhsil, səhiyyə, iqtisadiyyat və mədəni irsin bərpası istiqamətində mühüm addımlar atılır.
Xankəndi şəhərində keçirilən “Mənəvi dəyərlər” tədbirində çıxış edən Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb. Onların arasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl sektorda çalışanlar da var.
Hazırda Kərkicahan qəsəbəsi, Xocalının 11 və Ağdərənin 7 kəndində bərpa işləri aparılır. Bu yaşayış məntəqələrində 6 minə yaxın köçkünün yerləşdirilməsi planlaşdırılır.
Bölgəyə indiyədək 65 milyon manatdan çox investisiya yatırılıb. Qarabağ artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Zəfərin 5 illiyinə həsr olunan “Mənəvi dəyərlər həftəsi” də bu dirçəlişin nümunəsidir. Layihə bir neçə dövlət qurumunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd gənclərin milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsidir.