Bu gün bizə Vətən sevgisini, şəhidlik zirvəsini əmanət etmiş bir ruhun anasını — Qəhrəman Şəhidimiz Şəhnin Novruzovun dəyərli anası İlahə anamızı övladlarımla birgə ziyarət etdik. Müalicə aldığı “Bakı Sağlamlıq Mərkəzi”ndə onunla görüşmək, bir az da olsa könlünə işıq qatmaq bizim üçün həm borc, həm də dua idi.
İlahə anamızın səhhətində, xüsusilə gözlərində ciddi narahatlıqlar yaranıb. Amma bu çətin dönəmdə ona göstərilən diqqət, şəhid analarına ailə kimi yanaşan “Bakı Sağlamlıq Mərkəzi”nin fədakarlığı bir ümid çırağı yandırdı. Başda dəyərli dostumuz Asiman Həsənov, şəhid analarının sevimli doktoru Zakir Quliyev və mərkəzin bütün həkim heyətinə sonsuz təşəkkürümüzü bildiririk. Onların mərhəməti və peşəkarlığı sayəsində İlahə anamız qısa zamanda özünü daha yaxşı hiss etməyə başlayıb.
Biz inanırıq — bu torpağın dualarıyla, bu xalqın sevgisi ilə İlahə anamız tezliklə tam sağalacaq. Ayağa qalxacaq. Gözlərinə şəfa tapacaq. Və biz onu yenidən gülümsəyən, ayaqüstə, nur içində görəcəyik.
Çünki şəhid analarının gülümsəməsi — Vətənimizin ən gözəl səhnəsidir.
Onların gözlərindəki işıq, bu torpağın sabahına yazılan dua, bu millətin ruhuna hopan əbədiyyətdir.
Müəllif: Cəlal Qurbanov
Mənbə: Azərbaycan.media
