🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Professor Qulu Məhərrəmlidən geosiyasi şərh: Rusiya imperiya xülyasının girovudur

Rusiya Federasiyası XXI əsrin çağırışlarına cavab vermək əvəzinə, özünü dünyadan təcrid etmə yolunu seçib. Bu təcrid təkcə Ukrayna ilə apardığı müharibənin nəticəsi deyil. Əsl səbəb daha dərindir: Moskvanın hələ də keçmiş imperiya iddiasına sığınması, zamanın ruhunu anlamamaq inadıdır.

Bu gün Rusiya, siyasi və iqtisadi baxımdan Çinin kölgəsinə çəkilib. Qərb dünyası ilə əlaqələrini itirən Kreml, alternativ olaraq Pekinə yönəlib. Lakin bu yönəliş strateji müttəfiqlikdən çox, məcburi asılılıq təsiri bağışlayır. Tarix boyu imperiya iddiası ilə yaşayan bir dövlətin başqa bir gücün orbitinə düşməsi, əslində məğlubiyyətin ideoloji təzahürüdür.

Putin və rus elitası hələ də imperiya romantizminin cazibəsindədir. Onlar keçmişin gücünü diriltmək istəyirlər, lakin bu istək müasir dünyanın reallıqları ilə ziddiyyət təşkil edir. Nə qədər ki, bu iddia davam edir, Rusiya özünü daha da dərinləşən geosiyasi uçuruma sürükləyəcək.

Bu məğlubiyyət yalnız hərbi və iqtisadi deyil, həm də mənəvi və ideoloji xarakter daşıyır. Dünya dəyişir, güc mərkəzləri yenilənir, xalqlar öz suverenliklərini daha qətiyyətlə qoruyurlar. Rusiya isə hələ də keçmişin xəritəsində yaşamağa çalışır.

Tarix göstərir ki, imperiya iddiası ilə yaşayan dövlətlər, zamanla öz daxili enerjisini itirir, çevikliyini və adaptasiya qabiliyyətini zəiflədir. Rusiya da bu taleyə doğru irəliləyir. Əgər bu ideoloji xətt dəyişməzsə, məğlubiyyət yalnız dərinləşəcək, həm də daha ağrılı olacaq…

 

Mənbə: Azerbaycan.media