Azərbaycan.media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Gürcüstanın paytaxtı Tbilisidə, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının səhnəsində nümayiş olunacaq. Bu mədəni hadisə Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilir.
Tamaşa iki teatr arasında bu ilin 22 fevral tarixində imzalanmış beynəlxalq əməkdaşlıq Memorandumuna əsasən baş tutacaq. Memorandum çərçivəsində birgə tamaşaların hazırlanması, ustad dərsləri, rejissor görüşləri və yaradıcı kollektivlərin qastrolları nəzərdə tutulur.
“Şükriyyə” tamaşası yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb. Quruluşçu rejissor — Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşada səhnəyə çıxan aktyor heyəti:
– Münəvvər Əliyeva — Şükriyyə (Əməkdar artist)
– Nurəddin Mehdixanlı — Fyodor Alekseyeviç (Xalq artisti)
– Əli Nur — Süleyman bəy (Xalq artisti)
– Mehriban Xanlarova — Zöhrə (Əməkdar artist)
– Vəfa Rzayeva — Mariya (Əməkdar artist)
– Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Şəlalə Şahvələdqızı, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov
Səhnə tərtibatı — Samirə Həsənova
Geyim üzrə rəssam — Aygün Mahmudova
İşıq rəssamı — Rafael Həsənov
Musiqi tərtibatı — Kamil İsmayılov
Rejissor assistenti — Nərmin Həsənova
Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün taleyindən bəhs edir. Stalin repressiyaları zamanı Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün həyatı yaşamış Şükriyyənin məhəbbət uğrunda mübarizəsi və mənəvi ləyaqətini qoruması tamaşanın əsas xəttini təşkil edir.
Eyni zamanda, tamaşada Gürcüstan da daxil olmaqla digər ölkələrdən sürgün olunmuş qadınların taleyinə də işıq salınır. Bu paralel süjetlər insanın mənəvi təmizliyi və çətinliklər qarşısında ləyaqətini qoruma gücünü tamaşaçılara təqdim edir.
Xatırladaq ki, Memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Şota Rustaveli adına Milli Teatrın direktoru Giorgi Tevzadze imzalayıblar. İlk addım isə bu ilin mart ayında dünya şöhrətli rejissor Robert Sturuanın Bakıda keçirdiyi ustad dərsi olub.
Azərbaycan.media
