🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tanınmış aktyorun məzarı baxımsız vəziyyətdə qalıb – ürəkağrıdıcı görüntü

Azərbaycan.media xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində tanınmış aktyor Məmməd Sadıqovun məzarının baxımsız vəziyyətdə olması ictimai narazılıq doğurub.
Məlumata görə, sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan görüntülərdə sənətkarın məzarının acınacaqlı durumda olduğu əks olunub. Bildirilir ki, məzarın sinə daşı yoxdur, ətrafı ot basıb, baş daşındakı yazılar isə zamanla silinərək oxunmaz hala düşüb. Həmçinin qeyd edilir ki, aktyorun məzarını ziyarət edənlərin sayı da demək olar ki, yoxdur.
Qeyd edək ki, Məmməd Sadıqov 1913-cü ildə Bakıda anadan olub və gənc yaşlarından teatr fəaliyyətinə başlayıb. O, uzun illər Azərbaycan səhnəsində fəaliyyət göstərərək həm teatrda, həm də kinoda yaddaqalan obrazlar yaradıb.
Aktyor “Bəxtiyar”, “Sehirli xalat”, “Bizim Cəbiş müəllim” kimi məşhur filmlərdə rol alaraq tamaşaçıların rəğbətini qazanıb və xüsusilə komik rolların uğurlu ifaçısı kimi yadda qalıb.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub və ictimaiyyət tərəfindən sənət adamlarının xatirəsinə daha həssas yanaşmanın vacibliyi vurğulanır.