Azərbaycan.media xəbər verir ki, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür.
APA-nın məlumatına görə, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Şahtaxtı kəndində anadan olub.
Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təhsilini Moskvada yerləşən Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayaraq, bütün həyatını oftalmologiya sahəsinə həsr edib.
1940–1950-ci illərdə Azərbaycanda geniş yayılan Traxoma xəstəliyinə qarşı mübarizə onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Zərifə Əliyeva xəstəliyin yayıldığı bölgələrdə tədqiqatlar aparıb, həkimlərə mühazirələr oxuyub, əhali arasında maarifləndirmə işləri həyata keçirib. Onun sintomisinlə müalicə üsulu uğurlu nəticələr verib və 1959-cu ildə bu mövzuda namizədlik dissertasiyasını müdafiə edib. Təklif etdiyi metod respublikada geniş tətbiq olunaraq traxomanın aradan qaldırılmasında mühüm rol oynayıb.
Alimin diqqət yetirdiyi digər mühüm sahələr sırasında Qlaukoma və görmə orqanının iltihabi xəstəliklərinin diaqnostikası və müalicəsi də yer alıb. O, həmçinin görmə orqanının peşə patologiyasını dərindən araşdıraraq bu istiqamətdə dünyada ilk elmi-tədqiqat laboratoriyasını yaradıb və peşə oftalmologiyasının əsasını qoyub. Bu sahədə apardığı tədqiqatların nəticəsi kimi doktorluq dissertasiyasını müdafiə edib və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
Zərifə Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə isə oftalmologiya sahəsində ən nüfuzlu mükafatlardan biri – M. İ. Averbax adına mükafata layiq görülərək bu mükafatı alan ilk qadın alim kimi tarixə düşüb.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən akademik Zərifə Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Onun əsərləri bu gün də aktuallığını qoruyur. Alim eyni zamanda iridodiaqnostika və iridoterapiya sahəsində də araşdırmalar apararaq bu istiqamətdə mühüm elmi əsərlər ərsəyə gətirib.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskvada vəfat edib. Onun nəşi 1994-cü ildə Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.
