Azərbaycan.media xəbər verir ki, yuxu rejimi ilə bağlı aparılan yeni elmi tədqiqat həm az, həm də normadan artıq yatmağın sağlamlıq üçün ciddi risklər yaratdığını ortaya qoyub.
“PLOS One” jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, gündə 7–8 saatlıq yuxu demensiya riskinin ən aşağı olduğu optimal interval hesab olunur. Bu normadan az yatan şəxslərdə risk təxminən 18 faiz artdığı halda, həddindən artıq yuxu rejimi – yəni uzun müddət yatmaq – demensiya ehtimalını 28 faizə qədər yüksəldir.
Tədqiqatda yalnız yuxu deyil, həyat tərzi amilləri də analiz olunub. Nəticələr göstərib ki, fiziki aktivliyin azlığı və uzun müddət oturaq həyat tərzi də risk faktorları sırasındadır. Gündə 8 saatdan çox oturan və həftəlik 150 dəqiqədən az hərəkət edən şəxslərdə demensiya riski daha yüksək qeydə alınıb.
Mütəxəssislər sağlam beyin funksiyası üçün balanslı yuxu rejimi və müntəzəm fiziki aktivliyin vacibliyini vurğulayırlar.
