🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çiyələk və alça niyə bahalaşa bilər? – Əsas səbəblər açıqlandı

Azərbaycan.media xəbər verir ki, aprel ayının olmasına baxmayaraq, ölkə ərazisində müşahidə olunan soyuq və yağışlı hava şəraiti, bəzi bölgələrdə baş verən sel və daşqınlar kənd təsərrüfatına ciddi təsir göstərib.
Məlumata görə, xüsusilə meyvə bağlarında məhsuldarlıq azalıb. Sahibkarlar bildirirlər ki, ən böyük ziyan alça bağlarına dəyib. Son günlərdə intensiv yağan yağışlar aqrar sektora həm müsbət, həm də mənfi təsirlər göstərib.
Müsbət tərəf ondan ibarətdir ki, torpağın kifayət qədər nəmlənməsi yazlıq əkin və toxum səpini üçün əlverişli şərait yaradıb. Bu cür şəraitdə şitillərin inkişafı daha sürətli və keyfiyyətli olur.
Lakin mənfi təsirlər daha ağır olub. Bir çox bağlarda məhsul itkisi qeydə alınıb, bəzi sahələr isə demək olar ki, tamamilə yararsız hala düşüb. Sahibkarlardan birinin sözlərinə görə, əvvəlki illərdə bir bağdan 1-2 ton məhsul əldə edildiyi halda, bu il dolu və yağış səbəbindən çiçəklərin tökülməsi məhsuldarlığı xeyli azaldıb. Bu vəziyyət çiyələk istehsalına da təsirsiz ötüşməyib.
Mütəxəssislər belə halların qarşısını almaq üçün fermerlərə məhsullarını və bağlarını vaxtında sığortalamağı tövsiyə edirlər. Əks halda, təbii fəlakətlərin yaratdığı maddi zərərlərin qarşısını almaq çətinləşir.
Qeyd olunur ki, məhsuldarlığın azalması bazarda təklifin düşməsinə səbəb ola bilər ki, bu da çiyələk və alça kimi meyvələrin qiymətində artıma gətirib çıxara bilər.