Azərbaycan.media xəbər verir ki, mağaza və kənd yumurtaları ilə bağlı uzun illərdir davam edən müzakirələrə aydınlıq gətirmək məqsədilə maraqlı sınaq aparılıb.
Şəhər kənarında yaşayan bloqer qonşularının “kənd yumurtası daha dadlıdır” iddialarından sonra hər iki məhsulu müqayisə edib. Nəticələr isə gözlənildiyi kimi birmənalı olmayıb.
Araşdırma zamanı məlum olub ki, yumurtanın sarısının rəngi keyfiyyət göstəricisi deyil. Belə ki, mağazadan alınan bəzi ucuz yumurtaların sarısı kənd yumurtasından daha parlaq olub. Bu, quşçuluq təsərrüfatlarında istifadə olunan xüsusi yem əlavələri ilə izah edilir. Kənd yumurtalarında isə sarının rəngi toyuğun qidalanmasından və mövsümdən asılı olaraq dəyişir.
Qabıq qalınlığı baxımından da mağaza yumurtaları üstün olub. Bildirilib ki, fabrik şəraitində toyuqlara verilən kalsium qabığın daha möhkəm olmasına səbəb olur. Təmizlik məsələsində isə kənd yumurtalarının üzərindəki çirklərin gigiyenik risk yaratdığı, xüsusilə salmonelyoz ehtimalını artırdığı qeyd olunub. Mütəxəssislər yumurtaların istifadə öncəsi mütləq yuyulmasını tövsiyə edir.
Dad məsələsinə gəldikdə isə, aparılan sınaqda ciddi fərq aşkar edilməyib. Hər iki növ yumurtadan hazırlanan yeməklərin dadı arasında nəzərəçarpacaq fərq hiss olunmayıb.
Nəticə etibarilə qeyd olunur ki, kənd yumurtasının daha bahalı olması hər zaman onun üstün olduğu anlamına gəlmir. Etibarlı mənbədən alınmadığı halda, mağaza yumurtaları həm daha əlverişli, həm də sanitar baxımdan daha təhlükəsiz seçim hesab edilə bilər.
