Azərbaycan.media xəbər verir ki, aprelin 29-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank of Azerbaijan” və “Dəmir Bank”, mayın 13-də isə “AtaBank”, “Dəmir Bank” və “AGBank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Məlumata görə, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Bildirilir ki, satışa çıxarılan əmlaklar sırasında “Bank of Azerbaijan”a məxsus Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən, dəyəri 200 min manat olan 221,6 kvadratmetrlik qeyri-yaşayış binası yer alır.
Bundan başqa, “Dəmir Bank”a məxsus Quba şəhəri, Heydər Əliyev prospekti, 150 ünvanında yerləşən, dəyəri 360 min manat olan 289,9 kvadratmetrlik qeyri-yaşayış binası, eləcə də Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2951-ci məhəllə, ev 2B ünvanında yerləşən, dəyəri 140 min manat olan 71,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq.
Həmçinin “AtaBank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən, dəyəri 365,5 min manat olan 314,7 kvadratmetrlik qeyri-yaşayış binası, Göyçay şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən, dəyəri 420 min manat olan 324,8 kvadratmetrlik qeyri-yaşayış binası və Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanında yerləşən, dəyəri 490 min manat olan 279,3 kvadratmetrlik qeyri-yaşayış binası da satışa çıxarılan obyektlərdəndir.
Bundan əlavə, Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, dəyəri 55 min manat olan qeyri-yaşayış sahəsi də hərraca təqdim olunacaq.
