Azərbaycan.media xəbər verir ki, Toronto Universiteti alimlərinin apardığı araşdırma tam yağlı südün uşaqlarda artıq çəki və piylənmə riskini azalda biləcəyini göstərib.
Məlumata görə, tədqiqatın nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunub.
Araşdırma çərçivəsində uşaqların erkən yaş dövründə hansı növ süd (tam yağlı, az yağlı və ya yağsız) qəbul etdikləri izlənilib. Daha sonra bu göstəricilər onların 5 və 8 yaşlarında bədən çəkisi və yağ faizi ilə müqayisə edilib.
Nəticələr göstərib ki, müntəzəm olaraq tam yağlı süd içən uşaqlarda bədən kütlə indeksi daha aşağı olub. Eyni zamanda, bu qrupda 8 yaşına qədər piylənmə riski yağsız süd qəbul edənlərlə müqayisədə 69 faiz daha az qeydə alınıb.
Alimlərin fikrincə, südün tərkibindəki yağ toxluq hissini artıraraq uşaqların fast food, şirniyyat və şəkərli içkilərə meylini azalda bilər. Bununla belə, bu əlaqənin dəqiq mexanizmi hələ tam şəkildə müəyyənləşdirilməyib.
Tədqiqatın nəticələri uşaqlar üçün yağsız südün daha faydalı olması ilə bağlı mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
