🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ Rusiya nefti ilə bağlı icazəni uzatmır

Azərbaycan.media xəbər verir ki, ABŞ administrasiyası ölkələrə Rusiya neftini almağa imkan verən lisenziyanın müddətini yenidən uzatmağı planlaşdırmır.
Məlumata görə, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Associated Press” agentliyinə müsahibəsində danışıb. O bildirib ki, mövcud vəziyyətdə belə bir addımın atılması gözlənilmir:
“Düşünmürəm ki, bunu bir daha uzadaq. Hesab edirəm ki, artıq tankerlərdə olan Rusiya neftinin böyük hissəsi satılıb”.
Nazir həmçinin qeyd edib ki, ABŞ İran neftinin alınması üçün də oxşar icazə verməyi planlaşdırmır.
Xatırladaq ki, cari ilin əvvəlində ABŞ Maliyyə Nazirliyi Rusiya və İran arasında sanksiya riskləri olmadan məhdud çərçivədə neft ticarətinə imkan yaradan müvəqqəti lisenziya təqdim etmişdi. Bu qərar ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda qlobal neft qiymətlərində kəskin artımın qarşısını almaq məqsədi daşıyırdı.
Aprelin əvvəlində Skott Bessent bu icazənin uzadılmasının gündəmdə olmadığını bildirsə də, daha sonra tərəfdaş ölkələrin müraciətləri əsasında ümumi lisenziyanın müddəti qısa müddətə artırılmışdı.