Azərbaycan.media xəbər verir ki, nəğməkar şair Cəlal Qurbanov Hüseynovlar ailəsinə səfəri ilə bağlı təsirli paylaşım edib.
Bildirilib ki, bu gün Hüseynovlar – qəhrəmanlar ailəsinin qonağı olunub. Şəhid əmisinin adını daşıyan Ceyhun balanın ocağında keçirilən görüş həm duyğusal, həm də qürurverici anlarla yadda qalıb.
Qeyd olunub ki, Ceyhun Hüseynov gənc yaşlarından savadı və zəhməti ilə seçilən bir gənc olub. O, akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub.
Onun xatirəsinə Tel Aviv Universiteti tərəfindən 5000 ABŞ dolları məbləğində xüsusi təqaüd təsis edilməsi isə Ceyhunun şəxsiyyətinə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirilir.
Vurğulanıb ki, bu gün bir ailənin hər iki Ceyhunu Azərbaycan tarixinin qızıl səhifələrində əbədi yaşayır. Bir zamanlar Tofiq Hüseynov bir Ceyhunla qürur duyurdusa, bu gün artıq iki Ceyhunla – iki qəhrəmanla qürur duyur.
Əslən Ordubad rayonunun Gənzə kəndindən olan bu ocaq bir daha sübut edir ki, Azərbaycan torpağı qəhrəmanlar yetişdirən müqəddəs yurddur. Belə ocaqlar var olduqca Vətən daim yaşayacaq.


Mənbə: Azərbaycan.media
