Azərbaycan.media xəbər verir ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb və bu vəziyyət bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə qurumun tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların işində fasilələr verilib.
Qeyd olunub ki, bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısını almağa yönəlib. Hazırda vəziyyət nəzarətdə saxlanılır, su təminatı isə alternativ mənbələr hesabına davam etdirilir.
Məlumata görə, suyun səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlara isə yalnız rəsmi məlumatlara etibar etmələri tövsiyə olunub.
