🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkili Elnarə Akimova: “Özbəkistan öz milli və mənəvi dəyərlərinə sədaqəti ilə seçilən ölkədir”

Azərbaycan.media xəbər verir ki, Elnarə Akimova Özbəkistan Respublikasına səfəri zamanı bu ölkənin zəngin tarixi, dərin mənəvi irsi və milli dəyərlərə sadiqliyindən böyük təəssürat aldığını bildirib. Millət vəkili qeyd edib ki, səfər çərçivəsində iştirak etdiyi rəsmi görüşlər, tədbirlər və ziyarət etdiyi tarixi-mədəni məkanlar Özbəkistanın qədim ənənələrini müasir inkişafla uğurla uzlaşdırdığını bir daha nümayiş etdirib.

Millət vəkilinin sözlərinə görə, Özbəkistan öz dəyərlərinə sadiqliyi ilə seçilən nadir dövlətlərdəndir. O bildirib ki, bu ölkədə tarixə və milli-mənəvi irsə göstərilən ehtiram dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Deputat səfər müddətində şahidi olduğu mənzərələrin onda dərin təəssürat yaratdığını vurğulayıb:

“Özbəkistan öz dəyərlərinə bağlı ölkədir. Bunu orada olduğumuz günlərdə getdiyimiz tədbirlər, gəzdiyimiz məkanlar içrə daha yaxından görüb əmin oldum. Bu ölkənin öz milli və mənəvi dəyərlərinə sadiqliyi, hər müasir çalara qədimliyin nəfəsini hopdurması, tarixə və ənənələrə olan hörməti qibtəolunacaq səviyyədə diqqətçəkici idi.”

Deputat bildirib ki, Özbəkistanın sürətli inkişafı onun milli kimliyinin qorunması ilə paralel şəkildə həyata keçirilir. Onun sözlərinə görə, ölkədə həyata keçirilən layihələr həm müasirliyin tələblərinə cavab verir, həm də tarixi irsin yaşadılmasına xidmət edir. Bu isə dövlətin strateji inkişaf modelinin mühüm göstəricilərindən biridir.

Elnarə Akimova vurğulayıb ki, Özbəkistan xalqının qonaqpərvərliyi və səmimiyyəti ölkənin cazibədarlığını daha da artırır. O, yerli əhalinin milli dəyərlərə bağlılığının gündəlik həyatın bütün sahələrində aydın hiss olunduğunu qeyd edib:

“İnsanların qonaqpərvərliyi, səmimiyyəti və ən kiçik nüansda belə ehtiva etdiyi böyüklük – mədəni irsə sahib çıxmaları bu torpağı daha da cazibədar edir məncə. Bu xalq müasirliyi öz dəyərlərini təkmilləşdirməkdə və onu yaşatmaqda görür.”

Millət vəkili səfər çərçivəsində ziyarət etdiyi məkanların onda xüsusi təəssürat yaratdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Ədiblər Parkı, Anxor çayı, Daşkənd MuzeyiSehrli Şəhər ölkənin zəngin mədəni irsini və müasir inkişafını əks etdirən nadir nümunələrdir. Bu məkanlar həm Özbəkistanın qədim tarixini, həm də onun müasir simasını özündə ehtiva edir.

Deputat bildirib ki, Daşkənd şəhərində gördüyü inkişaf, abadlıq işləri və müasir memarlıq nümunələri ölkənin sürətli tərəqqisinin bariz göstəricisidir. Eyni zamanda, tarixi irsin qorunmasına göstərilən diqqət Özbəkistanın milli kimliyinə nə qədər böyük önəm verdiyini sübut edir.

Elnarə Akimova Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə də toxunaraq qeyd edib ki, ortaq tarix, mədəniyyət və dil birliyi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər və humanitar əməkdaşlıq bu münasibətlərin inkişafında xüsusi rol oynayır.

Millət vəkili sonda vurğulayıb ki, səfər zamanı əldə etdiyi təəssüratlar Özbəkistanın qədimliklə müasirliyin vəhdətini qoruyub saxlayan, milli və mənəvi dəyərlərinə sadiq bir dövlət olduğunu bir daha təsdiqləyir. Bu xüsusiyyətlər ölkəni regionun ən diqqətçəkən və nüfuzlu mədəniyyət mərkəzlərindən birinə çevirir.

                                                                                                                                                                                                                                           Mənbə: Azərbaycan.media