Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-dən bildirilib. Məlumata görə, 26 mart 2026-cı il tarixində Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən və bir neçə yaşayış massivini qazla təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.
Qeyd olunub ki, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrini əhatə edən ərazilərdə qəzanın aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq, 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatı dayandırılacaq. Eyni zamanda, təmir müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təminatında fasilə yaranacağı bildirilib.
Rəsmi məlumata əsasən, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
